Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

NAMAZIN MÜXTƏSƏR TƏLİMİ

[ Namaz / 172786 dəfə baxılıb ]   
|
 
MÜQƏDDİMƏ

Şükr və tərif Allaha məxsusdur, biz Ona şükr edirik, Onu tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfslərimizin şərindən və pis əməllərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.

«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün» (ali İmran, 3:102).

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!» (ən-Nisa, 4:1).

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə (cənnətə) nail olar.» (əl-Əhzab surəsi, 33:70-71)

İslam öz gəlişi ilə insanlara hürriyət və xoşbəxtlik bəxş edən, onları kor-koranə həyat tərzindən uzaqlaşdıran, cəhalətin insan təbiəti üçün tamamilə yararsız bir hal olduğunu göstərən və bundan yaxa qurtarmağı isə Adəm oğlundan qəti şəkildə tələb edən, yaradılan canlıların ən üstünü olan şüurlu varlıq üçün ən gözəl və əvəzedilməz məişət qaydaları müəyyən edən, öz prinsipləri ilə insanda ən çıxılmaz və dözülməz şəraitdə belə düşdüyü vəziyyətdən çıxış yolu tapa biləcəyinə inam yaradan, bir dindir. ilk baxışda yuxarıda sadaladığımız və sadalamadığımız bu müsbət keyfiyyətlərin insanın qısa vaxtda özündə formalaşdıra biləcəyi ağıla sığılmaz görünsə də bu saf və hər cür təhrifdən uzaq dinin ərkan və sütunları ilə tanış olduqda bunun həqiqətən mümkünlüyünə şübhə yeri qalmır. Bir halda ki, səadət bu qaydalara riayət etməkdirsə onda ilk öncə bu qaydaları öyrənməyimiz, bilməyimiz kimi zərurət meydana çıxır. Elə bu səbəbdən də soydaşlarımızı bu sahədə marifləndirməyi qarşımıza məqsəd qoymuşuq. Dəyərli oxucularımıza təqdim etdiyimiz bu risalə aləmlərin Rəbbi olan Uca Allahın vacib buyurduğu, dinimizin ikinci əsası haqqındadır. Bu əsasın tələblərinə riayət etmək bütün sıxıntı, üzüntü, çətinlik və problemlərin mövcud olmasına baxmayaraq fərz edilmişdir. Təbii ki, söhbətimiz namaz və onunla birbaşa bağlı olan təharət (paklanmaq) haqqında olacaqdır. Namaz barəsində Uca Allah belə buyurur:
«Həqiqətən, namaz [insanı] çirkin və pis əməllərdən çəkindirər" (əl-Ənkəbut surəsi, 29:45).

İnanırıq ki, bir çox soydaşlarımız bu ayə barəsində müəyyən bilgilərə malikdirlər. Lakin biz, ona da inanırıq ki, təəssüflər olsun, bunu unudanlarımız da çoxdur. insanların bu qədər unutqan olduğunu əzəli elmi ilə bilən Rəbbimiz Adəm övladlarına Öz kitabı vasitəsilə daim bildiyi məsələləri belə yenidən təkrarlamağı və xatırlamağı tövsiyyə edib buyurur:
«Sən [onlara] xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir» (əz-Zariyat surəsi, 51:55).

Bu risaləni yazmaqda digər bir məqsədimiz də namaz və təharətlə bağlı mövcud olan fikir müxtəlifliyi və anlaşılmazlıqlara son qoymaqdır. Çünki hamımıza məlumdur ki, dinimizdən zorla ayrı salındığımız illərdə şəriətin digər məsələlərində olduğu kimi, islamın bu ərkanına da bəzi bidətlər (əlavələr, yeniliklər) edilmiş, bəzi hallarda isə ümumiyyətlə islam peyğəmbərinin, bəşəriyyətin ən xeyirlisinin - səllallahu aleyhi və səlləmin - sünnəsinə (dediklərinə) aid məsələlər əskildilmişdir. Lakin çoxları bu yenilik və əskiklərin fonunda namazın və ya dəstamazın batil olacağından xəbərsizdilər. Ümumiyyətlə hər bir müsəlman bilməlidir ki, dinlə bağlı hər hansı bir əməl yerinə yetirildikdə bu əməlin Allah tərəfindən qəbul olunması üçün iki hal mövcud olmalıdır:
Birincisi bu əməl heç bir kənar niyyətlə deyil, sırf ixlasla Allah rizasını qazanmaq üçün (yalnız Ondan qorxmaqla, Onu hər şeydən çox sevməklə və Onun rəhmətinə ümid bəsləməklə) olmalı.
İkincisi isə bu əməl məhz Peyğəmbərimizin, səllallahu aleyhi və səlləm, etdiyi kimi (sünnəsinə uyğyn olaraq) olmalıdır.

Bu iki şərtdən birinin olmaması həmin ibadəti (namazı, dəstamazı, orucu, zəkatı və s.) batil edir. Elə bu səbəbdən də biz bu məsələ ətrafında mövcud fikir ayrılığına son qoymaq üçün risaləmizi yalnız və yalnız Quran ayələri və səhih istinadlı hədislər əsasında yazmışıq. Bu kitabda qeyd olunanlar fiqhi məsələlər olduğu üçün çalışmışıq ki, islam alimlərinin rəylərini də nəzərə alaraq Quran və mötəbər hədislərin dəstəklədiyi hökmləri burada əks etdirək. Ancaq adətdir ki, hər bir əsər yazılandan sonra, "bunu artırsaydı daha yaxşı olardı", "bunu yazmasaydı daha gözəl olardı" deyənlər çox olar. Şübhəsiz ki bu, insan əməyinin bəhrəsidir. Bu tərcümənin nöqsanlardan və xətalardan xali olmadığı üçün, bu barədə qeyd və mülahizələrini bildirəcək oxuculara əvvəlcədən təşəkkür edirik. Onların dəyərli məsləhətləri bu kitabın gələcək nəşrlərində nəzərə alınacaqdır. Kamillik təkcə Allaha məxsusdur, məsum olan isə insanların ən şərəflisi Məhəmməd peyğəmbər, səllallahu aleyhi və səlləm, dir.

Uca Allahdan hər bir əməlimizin ixlasla yalnız Onun üçün edilməsini və Onun Peyğəmbərinin, səllallahu aleyhi və səlləm, yolunda olmasını diləyirik! Oxucularımıza bu yolda uğurlar, xeyir və bərəkət arzulayırıq. Unutmayaq ki, biz yalnız Allah üçün yaşayırıq və sonda Ona da dönəcəyik. O, hər şeyin hesabını tez çəkəndir!


TƏHARƏTİN ƏDƏBLƏRİ

  1. Subaşına çıxan şəxs elə yer seçməlidir ki, insanlar onun nə özünü görə bilsinlər, nə orqanizmdən qazburaxma zamanı ehtimal olunan səsi eşitsinlər, nə də ifrazatın və qazın iyini duya bilsinlər;
  2. Ayaqyoluna daxil olduqda aşağıdakı duanı oxuyub daxil olmaq müstəhəbdır (bəyənilir): «Allahummə inni əuzu bikə minə-l-xubsi və-l-xəbais!» (Allahım, şeytanlardan (erkək və dişi cinlər) və onların şərindən sənə pənah aparıram!)
  3. Ayaqyolundakı adam heç nə danışmamalı, salam verib-almamalı, zərurət olmadan çağırana cavab verməməlidir;
  4. Subaşına çıxan şəxs qibləyə təzim etmək, onun ehtiramını gözləmək naminə üzünü və ya arxasını qibləyə çevirməməlidir;
  5. Subaşına çıxan şəxs bədəninə nəcis və sidik dəyməsindən özünü gözləməlidir;
  6. Subaşına çıxan şəxs insanların gedib-gəlmək üçün istifadə etdikləri yollardan və istirahət etmək üçün nəzərdə tutulan yerlərdən kənara çəkilməlidir;
  7. Subaşına çıxan şəxs axmayan durğun sulara, özünün çimdiyi suyun içinə nəcis və ya sidik salmamalıdır;
  8. Sidik ifraz etdikdə ayaq üstə durmaq bəyənilmir. Subaşına çıxan şəxs yalnız iki şərtlə bunu edə bilər;

    • Sidiyin paltarına və ya bədəninə sıçramayacağına əmin olduqda;
    • Başqalarının onun ayıb yerlərini görməyəcəyinə əmin olduqda.

  9. Hər iki ifrazat üzvünün çıxışı su (tapılmadıqda isə daş və s.) ilə (təmizləyici ehtiram olunan əşya (Quran ayəsi, hədis, şəkil və s.) qida məhsulu, peyin, sümük və bu kimi vasitələrdən olmamalıdır) təmizlənməlidir;
  10. Ayaqyolunda sol əl ilə təmizlənmək lazımdır;
  11. Ayaqyolundan çıxdıqda aşağıdakı duanı oxumaq müstəhəbdır (bəyənilir): «Ğufranəkə» - Allahım, Səndən bağışlanma diləyirəm!
  12. Ayaqyoluna sol ayaqla daxil olmaq və sağ ayaqla çıxmaq müstəhəbdır (bəyənilir).


QÜSL

Qüslü vacib edən hallar

  1. Cinsi əlaqədən sonra (əlaqədə olanların hər hansı birindən, yaxud hər ikisindən sperma xaric olmamışsa belə), şəhvət hissi keçirmək nəticəsində yuxulu və ya ayıq olarkən sperma xaric olmuşsa.
  2. Heyz (aybaşı) və nifasdan (doğuş qanından) təmizləndikdən sonra;
  3. Cümə gününün qüslü;
  4. Ölüm: Vəfat etmiş müsəlmanın meyiti qüsl olunmalıdır (şəhidlər müstəsnadır);
  5. islam dininə daxil olmaq.

Hansı hallarda qüsl etmək bəyənilir?

  1. Meyit yumuş adamın qüsl etməsi;
  2. Həcc və ümrə ziyarəti məqsədilə Məkkə şəhərinə daxil olmazdan əvvəl ihram libası geymək üçün qüsl edilməsi;
  3. Yenidən cinsi əlaqəyə girmək üçün qüsl etmək;
  4. İstihazə olan qadının hər bir namazı qılması üçün qüsl etməsi;

Qüsl etməyın qaydası

  • Niyyət etdikdən sonra [bismilləh] deyib əlləri yumaq.
  • Sonra cinsiyyət üzvünü yumaq.
  • Sonra dəstəmaz almaq.( Dəstəmaza başladıqda niyyət edib bismilləh demək və qurtardıqda duanı oxumaq lazım deyil)
  • Sonra üç dəfə başa su töküb əl ilə onu saçların dibinə çatdırmaq.
  • Sonra bədənin qalan yerini üç dəfə yumaq.
  • Sonra isə ayaqları yumaq (Yəni, Peyğəmbərin - səllallahu aleyhi və səlləm - etdiyi kimi qüsl etmək).
  • Bədən üzvlərindən biri tənziflə sarınmış və ya gips qoyulmuş müsəlman dəstamaz almaq və qüsl etmək istədikdə sağlam üzvləri yumalı, sarınmış xəstə üzvün üstünə isə məsh çəkməlidir. Əgər məsh etmək yaraya ziyan edərsə bu vaxt təyəmmüm etmək lazımdır.


DƏSTƏMAZ

Uca Allah buyurur:
«Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər (dirsəkləriniz qə daxil olmaqla) yuyun, (yaş əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuqlarınıza qədər (topuqlarınız qa daxil olmaqla) yuyun...» (əl-Maidə, 5:6)

Dəstəmazın şərtləri
Dəstəmaz alan şəxs aşağıdakı şərtləri özündə cəm etməlidir:

  1. Müsəlman olmaq;
  2. Həddi-büluğa çatmaq (bəzi alimlərin rəyinə görə);
  3. Ruhi xəstə olmamaq;
  4. Təmiz su tapmaq;
  5. Niyyət etmək;
  6. Suyun dəriyə çatmasına mane olan hər bir amili (boya, lak və s.) aradan qaldırmaq və əzalarda quru yer saxlamamaq;
  7. Bədənin nəcasətdən təmizlənməsi (paklaşdırılması);
  8. Sidik və ya nəcisdən azad olmaq.

Dəstəmazı batil edən amillər

  1. Ön və arxa ifrazat çıxışlrından xaric olan sidik, nəcis, məzi, yel, istihazə halında gələn qan və s.
  2. Dərin yuxuya getmək və ya huşu itirmək;
  3. Dəvə əti yemək;
  4. Övrət yerinə bilavasitə toxunmaq. (Bəzi alimlərin rəyinə görə).

Dəstəmazı batil etməyən amillər

  1. Ön və arxa ifrazat çıxışlarından başqa bədənin istənilən yerindən çıxan qan və s;
  2. Qadına şəhvətlə və ya şəhvətsiz bilavasitə toxunmaq;
  3. Odda bişmiş yeməkdən yemək;
  4. Dəstəmazın pozulmasına şəkk etmək;
  5. Qəh-qəhə ilə gülmək;
  6. Meyitə toxunmaq;
  7. Qusmaq;
  8. Mürgüləmək;
  9. Murdar şeyə toxunmaq; (murdar şeyə toxunduqda onu su ilə təmizləmək kifayətdir)

Dəstəmaz almağın qaydası
Dəstəmaz alan şəxs ürəyində dəstəmaz üçün niyyət edib dəstəmaz almaq istədiyini fikrindən keçirməli, bunu dillə deməməlidir. Çünki Peyğəmbər - səllallahu aleyhi və səlləm - nə dəstəmaz alandan, nə namaz qılandan, nə də hər hansı başqa bir ibadətdən qabaq niyyət edərkən niyyətini dillə deməmişdir (həcc və ümrə ziyarəti müstəsnadır). Allahın adını çəkib, yəni (bismilləh) deyib əlləri üç dəfə yumaq (şəkil 1). Sonra üç dəfə ağzını yaxalamaqla burnuna su çəkib qaytarmaq (şəkil 2-3) və üzünü üç dəfə bir qulağından o birinədək eninə və başının tüklü yerindən başlamış çənənin (və ya saqqalın) aşağısınadək uzununa yumaq (şəkil 4). [Ağız, burun və üzün yuyulmasında ardıcıllıq vacib deyildir] Sonra hər iki qolunu üç dəfə barmaqların ucundan dirsəklərə qədər (dirsəklər də daxil olmaqla) sağ qoldan başlamaq şərtilə yumaq (şəkil 5). Sonra yaş əllərlə başa məsh etmək. Yəni əlləri isladıb başın qabaq hissəsindən (alının sonundan) arxasınadək (boyunadək) çəkmək, sonra başladığı yerə qaytarmaq (şəkil 6). Sonra şəhadət barmaqlarını qulaqların deşiklərinə salıb baş barmaqları qulaqların arxasına çəkməklə qulaqlara məsh etmək (şəkil 7). Sonra ayaqları üç dəfə barmaqların ucundan topuqlara qədər (topuqlar da daxil olmaqla), əvvəl sağ, sonra sol ayağı yumaq (şəkil 8). Ayaqları yuyarkən barmaqların arası yuyulmalı və topuğun alt nahiyəsinə suyun çatmasına diqqət yetirilməlidir. Dəstəmaz alıb qurtardıqdan sonra aşağıdakı duanı oxumaq.
«Əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhammədən abduhu va rasuluhu. Allahummə-calni minət-təvvabinə vəc-alni minəl-mutətahhirin!» (Mən şahidlik edirəm ki, Allahdan başqa (ibadətə layiq olan) məbud (ilah) yoxdur, təkdir heç bir şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir. Allahım məni tövbə edənlərdən və pak olanlardan et!).







TƏYƏMMÜM

Nə zaman təyəmmüm etmək olar?

  1. Su tapılmadıqda və ya istər qüsl, istərsə də dəstəmaz alaraq paklaşmağa kifayət qədər su olmadıqda;
  2. Dəstəmaz almalı, yaxud qüsl etməli adam yaralı və ya xəstə olduqda halının pisləşməsindən, yaxud xəstəliyinin uzanmasından qorxduğu zaman;
  3. Hava çox soyuq olduqda, dəstəmaz alan, yaxud qüsl edən adam soyuq sudan istifadə etdiyi təqdirdə ona zərər toxunacağından qorxduqda, yaxud sudan istifadə etmək (qızdırmaq və s.) imkanı olmadıqda;
  4. İçməli su sarıdan korluq çəkdikdə, xörək bişirmək üçün su çatmadıqda və digər zəruri məqsədlərdən ötrü suya ehtiyac olduqda;
  5. Yaxınlıqda olan suya çatmaq mümkün olmadıqda, məsələn: düşmənin və ya yırtıcı heyvanın onun suya yaxınlaşmasına mane olduğu, yaxud canı, namusu və malından qorxduğu halda, həbsdə olduqda, yaxud suyu quyudan çıxarmağa gücü çatmadıqda və s.

Təyəmmümü batil edən amillər

  • Əvvəldə göstərilmiş dəstəmaz və qüslü batil edən amillər təyəmmümü də batil edir.
  • Bura su tapılmadığı halda təyəmmüm edilmişsə, su tapılandan sonra onun batil olmasını və sudan istifadə etməyə imkanı olmadığı üçün təyəmmüm etmiş adamın bu imkanı əldə etməsini də əlavə etmək olar.
  • Təyəmmüm edib namaz qılmış şəxs su tapılandan sonra təyəmmümlə qıldığı namazı təkrar etməməlidir.
  • Təyəmmüm alınan namazın vaxtının çıxması həmən təyəmmümü batil etmir.

Təyəmmüm etməyin qaydası

  • Niyyət edib bismilləh demək. Sonra ovucların içini təyəmmüm üçün seçilmiş yerə bir dəfə vurmaq. Onlara yapışmış toz-torpağı üfürüb və ya bir-birinə çırpıb təmizləmək. Sonra əlləri üzə çəkmək və bir-birinə sürtmək.
  • Təyəmmüm yalnız təmiz torpaq [Sement, gips, əhəng və s. kimi kimyəvi maddələr qatışıqlı olmamalıdır] və buna bənzərlə [Daş, kəsək və s.] edilməlidir.
  • Su ola-ola səbəbsiz yerə təyəmmüm almaq şəriətə müxalifdir və bu cür qılınan namaz batildir. Ona ğörə də hətta namazın vaxtı çıxırsa da qüsl və ya dəstəmaz əvəzinə təyəmmüm etmək olmaz. Su ilə qüsl və ya dəstəmaz alıb sonra namaz qılınmalıdır.


NAMAZ

Uca Allah buyurur:
«Halbuki onlara əmr edilmişdi ki, Allaha – dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgun din budur!» (əl-Bəyyinə, 98:5).

Malik ibnu-l-Huveyris (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «... Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın! ...» (Səhihu-l-Buxari, 631; Səhih Muslim, 1533)

Namazın şərtləri

Namaz qılmaq, həddi-büluğa çatmış, ağlı başında olan hər bir müsəlmana vacibdir.

  1. Təharətli olmaq (dəstəmazlı və ya zərurət olduqda qüsllü, və ya onları əvəz edən təyəmmümlü olmaq);
  2. Hər namazı vaxtında qılmaq;
  3. Bədəni, paltarı və namaz qılınan yeri nəcasətdən (murdarlıqdan) təmizləmək;
  4. Ayıb yerlərini (övrəti - Kişi üçün göbəkdən dizə qədər, qadın üçün isə əl və üzdən başqa bədənin hər yerini) örtmək;
  5. Qibləyə tərəf durmaq.
  6. Hər namaz üçün (qəlbdə) niyyət etmək.

Namazı batil edən amillər

  • Dindən dönmək (Allah bizi və sizi xüsusilə bundan qorusun!);
  • Rükn, vacib və şərtlərdən hər hansı birini qəsdən tərk etmək;
  • Namaz əsnasında bilərəkdən artıq (namaza aid olmayan) danışmaq və ya hərəkət etmək;
  • Bilərəkdən rükuların, səcdələrin, qiyamların (ayaq üstdə duruşların) və qüudların (oturuşların) sayını artırmaq;
  • Surələri oxuduqda bilərəkdən ya hərfləri, ya kəlmələri, ya da ayələri düz oxumamaq. Bu, Allah tərəfindən nazil olan tərtibin bilərəkdən pozulduğuna görədir.
  • Bilərəkdən namaz əsnasında bir şey yemək və ya içmək;
  • Qəh-qəhə ilə gülüş (təbəssüm müstəsnadır).
  • Bilərəkdən tələffüz olunan rükn [ilk təkbir, Fatihə surəsi, sonuncu təşəhhüd, salamlar] və vacibləri [ilk təkbirindən sonrakı təkbirlər, "Səmi-Allahu limən həmidəh", "Rabbənə və ləkəl həmd", "Sübhanə Rabbiyə-l-Azım", "Sübhanə Rabbiyə-l-Ə'lə", "Rabbi-ğ-firli", ilk təşəhhüd] dili tərpətmədən (qəlbdən keçitrməklə) yerinə yetirmək.
  • Təyəmmüm etdikdən sonra namaz qılınan vaxt su tapılsa.

Namazda bəyənilməyən əməllər (məkruhlar)

  • Yuxarı baxmaq;
  • Səbəbsiz yerə başı döndərmək;
  • Namazdan yayındıran şeylərə baxmaq;
  • Əlləri belə qoymaq;
  • Səcdədə dirsəkləri yerə qoymaq;
  • Gözləri yummaq;
  • Səbəbsiz yerə namazı batil etməyən artıq hərəkətlər etmək (qaşınmaq, tərpənmək və s.);
  • Ortalığa yemək qoyulduğu zaman;
  • Eyni rək'ətdə Fatihəni təkrar oxumaq;
  • Sidiyi, havanı və s. zorla saxlayaraq ayaqyoluna getməmək.
  • Namazdan qabaq pencəyin və ya köynəyin qollarını çırmalamaq;
  • Çiyni açıq namaz qılmaq;
  • Üzərində müxtəlif heyvan, quş, insan və s. şəkli olan paltarda, habelə bu növ şəkillərin qarşısında və ya üstündə namaz qılmaq;
  • Namaz qılanın qabağında sütrənin [Təqribən dirsək hündürlüyündə olan ağac və ya ona bənzər əşyanın qoyulması] olmaması;
  • Niyyəti ürəkdə deyil, dillə ifadə etmək;
  • Rükuda olarkən belin və qolların düz olmaması;
  • Sıraların tam şəkildə düzəldilməməsi, namaz qılanlar arasında boşluğun olması;
  • Səcdə zamanı başla dizlər, həmçinin dirsəklərlə bel arasında məsafə (boşluq) qoymamaq.
  • Camaat namazında imamdan qabaq hərəkət etmək.
  • Rüku və səcdədə Quran oxumaq.
  • Məsciddə yer seçib daima yalnız o yerdə namaz qılmaq.

Namazın qılınması üçün qadağan olunmuş yerlər

  1. Murdar yerlər;
  2. Qəbrstanlıqda (meyit dəfn olunmuş yerdə), qəbrə üz tutmaqla və ya onun üstündə namaz qılmaq (cənazə namazı müstəsnadır);
  3. Hamam və tualetdə;
  4. Dəvə saxlanılan yerdə;


AZAN

Allahu Əkbər - Allah ən böyükdür! - 4 dəfə;
Əşhədu ən lə iləhə illəllah - Mən şahidlik edirəm ki, Allahdan başqa heç bir ilahi [ ibadət olunmağa haqqı çatan yoxdur! - 2 dəfə;
Əşhədu ənnə Muhammədən rasulullah - Mən şahidlik edirəm ki, Məhəmməd Allahın elçisidir! - 2 dəfə;
Hayyə alə-s-saləh - Namaza tələsin! - 2 dəfə;
Hayyə alə-l-fələh - Səadətə qovuşmağa tələsin! - 2 dəfə;
Allahu Əkbər - 2 dəfə;
Lə iləhə illəllah - 1 dəfə.
Azanı dinləmək üçün bu keçiddən istifadə edin.

İQAMƏ

Allahu Əkbər - 2 dəfə;
Əşhədu ən lə iləhə illəllah - 1 dəfə;
Əşhədu ənnə Muhammədən rasulullah - 1 dəfə;
Hayyə alə-s-saləh - 1 dəfə;
Hayyə alə-l-fələh - 1 dəfə;
Qad qamətis salət Artıq namaz başladı! - 2 dəfə;
Allahu Əkbər - 2 dəfə;
Lə iləhə illəllah - 1 dəfə.

Namaz qılmağın qaydası
Namaz qılan şəxs heç bir dönmə və fırlanma hərəkətinə yol vermədən bütün bədəni ilə Qibləyə (Məkkə şəhərindəki müqəddəs Kəbəyə tərəf) üz tutmalıdır. Sonra hansı namazı qılmaq niyyətində olduğunu ürəyindən keçirməlidir. Sonra «Allahu Əkbər» deyib əllərini çiyinləri və ya qulaqları səviyyəsinə qaldırmalıdır (şəkil 9) Buna ihram təkbiri deyilir. Çünki bu ifadəni deyib namaza başlayan adama başqa vaxt halal olan bəzi şeylər namaz üstündə olduğu müddətdə qadağan olunur (danışmaq, yemək və s). Sonra sağ əlinin ovcunu sol əlinin üstünə qoymaq şərtilə əllərini sinəsinə qoymalıdır (şəkil 10) Buna qiyam deyilir. Sonra başlanğıc (istiftah) adlanan duanı oxumalıdır: «Subhanəkə Allahummə və bihəmdikə və təbarəkə-s-mukə və təalə cəddukə vələ iləhə ğeürukə» (Ey bütün nöqsanlardan uzaq olan Allahım, Sənə həmd osun! Sənin adın mübarəkdir, əzəmətin ucadır! Səndən başqa ilahi yoxdur!) (Sünnədə başqa istiftah duaları da varid olub).



Sonra «Əuzu billəhi minə-ş-şeytani-r-rəcim» (Lənətlənmiş şeytandan Allaha sığınıram) deməlidir:
Sonra əl-Fatihə surəsini oxumalıdır:
«Bismilləhi-r-rahməni-r-rahim.
Əlhəmdu lilləhi rabbi-l-aləmin.
Ər-rahməni-r-rahim.
Məliki yaumi-d-din.
iyyəkə nə'budu və iyyəkə nəstəin.
ihdinə-s-sıratal-l-mustəqım.
Sırata-l-ləzinə ən'amtə aleyhim, ğeyri-l-məğdubi aleyhim və lə-d-da~llin»


Surənin tərcüməsi:
«Rəhimli, Mərhəmətli Allahın adı ilə!
Həmd olsun Allaha - aləmlərin Rəbbinə,
Rəhimli, Mərhəmətli olana, din (qiyamət) gününün sahibinə!
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
Bizi doğru yola yönəlt!
Nemət verdiyin kəslərin yoluna!
Qəzəbə düçar olanların və azanların yoluna yox!»

Sonra Amin deməlidir: tərcüməsi - ilahi qəbul et!

Sonra Qurandan bildiyini (istədiyi qədər) oxumalıdır. Sonra rüku etməli (şəkil 11), yəni Allaha təzim edərək belini əyməli, belini əyərkən "Allahu Əkbər" deməli və əllərini çiyinləri səviyyəsinə qaldırmalıdır. Yaxşı olar ki, belini çanaqdan düz əyib başını qabağa düz tutsun və əllərini dizlərinin üstünə barmaqları bir-birindən aralı olmaq şərtilə qoysun. Rüku vəziyyətində olarkən üç dəfə
«Subhanə Rabbiyəl Azım» (Mənim Əzəmətli Rəbbim bütün nöqsanlardan uzaqdır!) deməlidir.
Bunları da əlavə etmək müstəhəbdir: «Subhanəkə Allahummə Rabbənə və bihamdikə, Allahumə-ğ-firli» (Ey bütün nöqsanlardan uzaq Allahım! Rəbbim Sənə həmdlər olsun! Allahım məni bağışla!).



Sonra «Səmiallahu limən hamidəh» (Allah Ona həmd edənləri eşidər!) deyə-deyə rüku vəziyyətindən qalxmalı və əllərini çiyinləri səviyyəsinə qaldırmalıdır.

Rükudan qalxıb dikəldikdən sonra «Rabbənə və ləkəl həmd» (Ey Rəbbimiz! Sənə həmdlər olsun!) və ya «Rabbənə və ləkəl həmd! Həmdən kəsiran tayyibən mubarakən fihi mil'ə-s-səməvati və mil'ə-l-ərdi və mil'ə mə şi'tə min şeyin bə'd» (Ey Rəbbimiz! Sənə göylər və yer dolusu, onlardan başqa da istədiyin qədər çoxlu, gözəl və uğur dolu həmdlər olsun!) deməlidir.

Sonra Allaha mütiliklə və ehtiramla birinci səcdəyə gedə-gedə «Allahu Əkbər» deməli (şəkil 12), hər iki əlinin pəncəsi, iki dizi və hər iki ayağının barmaqları üzərində yerə çökməli, qollarının dirsəkdən yuxarı hissəsini böyürlərindən aralamalı, dirsəkləri yerə qoymamalı, barmaqlarının uclarını qibləyə yönəltməlidir. Bu zaman dizlərini bir-birindən aralı tutmalı, dabanlarını isə birləşdirməlidir. Səcdə vəziyyətində olarkən üç dəfə "Subhanə Rabbiyəl Ə'lə" deməlidir.
Duanın tərcüməsi: Mənim Uca Rəbbim bütün nöqsanlardan uzaqdır!



Bunları da əlavə etmək müstəhəbdir: «Subhanəkə Allahummə Rabbənə və bihamdikə, Allahumə-ğ-firli».

Sonra səcdədən başını qaldıra-qaldıra «Allahu Əkbər» deməlidir.

Sağ əlini barmaqları açıq şəkildə sağ budunun dizə yaxın yerinə, sol əlini də barmaqları açıq şəkildə sol budunun dizə yaxın yerinə qoymalıdır. iki səcdə arasındakı oturuşu (şəkil 13) zamanı «Rabbi-ğ-firli vərhamni vəhdini vərzuqni vəcburni və'fini» ("Ey Rəbbim, məni bağışla! Mənə rəhm et! Məni doğru yola yönəlt, mənə ruzi ver, əyər-əskiyimi düzəlt, özümü sağlam et!) və ya «Rabbi-ğ-firli, Rabbi-ğ-firli» (Ey Rəbbim, məni bağışla! Ey Rəbbim, məni bağışla!) deməlidir.



Sonra Allaha mütilik və ehtiramla birinci səcdədə dediklərini, etdiklərini, səcdəyə gedərkən təkbiri təkrar etməklə ikinci səcdəni yerinə yetirməlidir.

Sonra ikinci səcdədən qalxa-qalxa «Allahu əkbər» deməlidir. Bunun ardınca başlanğıc duasını oxumadan birinci rək'ətdə dediklərini və etdiklərini təkrarlamaqla ikinci rək'əti qılmalıdır. ikinci rək'əti qılıb qurtarandan sonra «Allahu əkbər» deyib sonra sol ayağının üstündə pəncəsinin üzünü yerə qoymaqla yanakı oturub sağ ayağını barmaqları üstdə şaquli vəziyyətdə saxlamalı və sağ əlini sağ budunun dizə yaxın hissəsinə qoyaraq adsız və çeçələ barmaqlarını qatlamalı, dua edərkən şəhadət barmağı qaldırıb yuxarı-aşağı hərəkət etdirməli və ya düz saxlamalı, baş barmağın və orta barmağın uclarını qoşalaşdırıb halqa şəklində saxlamalıdır. Sol əlini isə barmaqları açıq şəkildə sol budunun dizə yaxın yerinə qoymalıdır. Bu oturuş zamanı təşəhhüd, salavat və istiazə Allaha pənahaparma dualarını oxumalıdır:

«Əttəhiyyatu lilləhi və-s-saləvatu və-t-tayibət, əs-sələmu aleykə eyyuhə-n-nəbiyu və rahmətullahi və bərakətuh, əs-səlamu aleynə və alə ibadilləhi-s-salihin, əşhədü ən lə iləhə illəllahu və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluh, Allahummə salli alə Muhəmmədin və alə ə'li Muhamməd, kəmə salleytə alə ibrahimə və alə ə'li ibrahimə innəkə həmidun məcid, və barik alə Muhəmmədin və alə ə'li Muhamməd, kəmə bəraktə alə ibrahimə və alə ə'li ibrahimə innəkə həmidun məcid, Allahummə inni əuzu bikə min azəbi-l-qabr, və min azəbi cəhənnəm, və min fitnəti-l-məhyə və-l-məmət, və min şərri fitnəti-l-məsihi-d-dəccəl» (Bütün alqışlar, dualar Allaha, bütün yaxşı işlər Allah üçün edilir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti bərəkətləri yetişsin! Bizə və Allahın əməlisaleh bəndələrinə salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ilahi yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir. Allahım! Məhəmmədə və onun ailəsinə də ibrahimə və onun ailəsinə xeyir-dua verdiyin kimi xeyir-dua ver! Sən həqiqətən alqışlara layiq və şan-şövkətlisən! Məhəmmədə və onun ailəsinə də ibrahimə və onun ailəsinə bərəkər verdiyin kimi bərəkət ver! Sən həqiqətən alqışlara layiq və şan-şövkətlisən! Allahım! Həqiqətən, mən qəbir əzabından, cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və yalançı məsihin (Allahlıq və yə reyğəmbərlik iddiası edən) fitnəsinin şərindən Sənə sığınıram!)

Sonra dua edib Rəbbindən dünya və axirət nemətlərindən istədiyini diləyə bilər.

Sonra sağ tərəfə salam verir (şəkil 14): «əs-sələmu aleykum və rahmətullah» (Sizə salam olsun və Allahın mərhəməti yetişsin!) - Sol tərəfə də eləcə salam verə bilər.



Namaz üç, yaxud dörd rək'ətdən ibarət olsa, təşəhhüd duasını bu cümləyə qədər oxumalıdır: «əşhədu ən lə iləhə iləllah və əşhədu ənnə Muhammədən abduhu va rasuluh».

Sonra «Allahu əkbər» deyərək ayağa qalxmalı və bu zaman əllərini çiyinləri səviyyəsinə qaldırmalıdır.

Sonra namazının qalan hissəsini də ikinci rək'əti qıldığı kimi qılmalıdır. Fərq yalnız bundan ibarətdir ki, sonrakı rək'ətlərdə başqa surə oxumayıb əl-Fatihə ilə kifayətlənir. Sonra yanakı (təvərrük qaydasında) oturmalı, bu zaman sağ ayağını (əvvəl göstərildiyi kimi) şaquli vəziyyətdə saxlamalı və sol ayağını onun altından sağ tərəfə çıxarmalı, əllərini birinci təşəhhüdü oxuyarkən olduğu kimi, budlarının üstünə qoymalıdır. Bu oturuş zamanı təşəhhüd, salavat və istiazə dualarını bütünlüklə oxumalıdır. Sonra sağ tərəfə salam verib deməlidir: «əs-sələmu aleykum və rahmətullah» - Sol tərəfə də eləcə salam verə bilər.

Word formatında olan namazın müxtəsər təlimini endir.
PDF formatında latin versiyalı olan namazın müxtəsər təlimini endir.
PDF formatında kiril versiyalı olan namazın müxtəsər təlimini endir.

Əlixan Musayev/AZERISLAM.com
«Namaz təlimi»


Diqqət! Materiallardan istifadə etdikdə AZERİSLAM.com - a istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:28
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:02
MƏĞRİB [ 3 rükət ]17:22
İŞA [ 4 rükət ]18:52
GECƏYARI23:38
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka