Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖN SÖZ və HƏDİS TERMİNLƏRİNİN İZAHI

Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimiz¬dən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.

«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və ancaq müsəlman olduğunuz halda ölün!» (Ali-İmran, 102.)

«Ey insanlar! Sizi tək bir şəxsdən [Adəmdən] xəlq edən, ondan da onun üçün zövcə [Həvvanı] yaradan və onlardan da bir çox kişi və qadın [törədib yer üzünə] yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən [cürbəcür şeylər] istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən [həzər edin]! Həqiqətən, Allah sizə Nəzarət edəndir!» (ən-Nisa, 1.)

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! [Əgər belə etsəniz] Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar».(əl-Əhzab, 70-71.)


Dinimizin əsas tərkib hissəsi olan əxlaq problemi bu gün də bəşəriyyətin gözəl inkişafı qarşısında öz aktuallığını itirməyib və deyərdim ki, daha da böyük əhəmiyyət kəsb edir. Bu məsələyə tez-tez mətbuatda, televiziya və radio proqramlarında toxunulur. Sözsüz ki, bu çox müsbət haldır. Və əxlaq mövzusu ilə bağlı təşkil edilən hər belə müzakirələrdə əxlaqi keyfiyyətləri insanlara örnək ola biləcək bir meyar axtarışı da olur. Sözsüz ki, fikir azadlığına məxsus hər bir şəxs əxlaq məsələsində müəyyən meyarlara söykəndiyini ifadə edir. Mən də öz növbəmdə bu risalə vasitəsilə özüm üçün seçdiyim əxlaqi meyar barədə sizinlə söhbət açmağı qarşıma məqsəd qoymuşam. Əminəm ki, belə bir nümunəvi insan digər məsələlərdə olduğu kimi əxlaq məsələsində də Peyğəmbərimizdir (s.a.s) . Belə söyləməyə əsasım da var. Uca Allah buyurur:

“Həqiqətən, sən böyük bir əxlaq sahibisən!” ( əl-Qələm, 4.)

“Həqiqətən, Allahın Elçisi Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab, 21.)


Elə bu ayələrin təsiri ilə də bu mövzunu – yəni Peyğəmbərimizin (s.a.s) əxlaqının camaat üçün nə qədər faydalı olduğunu nəzərə alıb bu xüsusda varid olan hədisləri sizə çatdırmaq istərdim. Uca Allah bu işdə bizə kömək olsun.
Qeyd etmək istərdim ki, bu risalədə istifadə olunan hədisləri məşhur hədis alimi olan Əbu Abdullah Muhəmməd ibn İsmail əl-Buxari isnadla gətirsə nəzərə alıb hədisləri bir-birinə ötürən ravilərin silsiləsini qısaldıb yalnız hədisi rəvayət edən birinci ravi ilə kifayətlənmişəm. Hədislərin hökmlərini və onların dərəcələrini şeyx Muhəmməd Nasirəddin əl-Albani müəyyən etmişdir. Xüsusi olaraq qeyd etməliyəm ki, əl-Buxarinin topladığı bu hədislərin arasında zəif hədislərin olmasından təəccüblənməyin. Belə ki, alim bu hədisi topladıqda özünün “Səhih əl-Cami” əsərində olduğu kimi yalnız səhih hədisləri toplamağı qarşısına məqsəd qoymamışdır. Odur ki, bu kitabda həmin səhih, həm həsən, həm də zəif hədislər vardır.

Hədis terminlərinin mənasını isə aşağıda izah etmişəm.

Uca Allahdan bu risaləni onu oxuyanlar üçün faydalı olmasını diləyir və hamımızın əxlaqını Peyğəmbərimizin (s.a.s) əxlaqı kimi gözəl olmasını arzulayırıq.

Bu yazını oxumaqla siz, hədis terminalogiyasında tez-tez rastlaşdığınız, çox vaxt isə mənalarını bilmək istədiyiniz və hədislərin sonunda qeyd olunan ərəb dililndəki hədis istilahlarının-terminlərinin mənalarını anlayacaqsınız.

İsnad: Bu kəlmə lüğətdə istinad, mənbə, dəlil-sübut, dayaq və s. mənaları ifadə edir. İstilahi mənada isə bu kəlmənin iki mənası var:
– Hədisi istinad edərək rəvayət edənə aid etmək;
– Hədisin mətninə gətirib çıxaran ravilərin silsiləsi. Bu mənada o, «sənəd»in sinonimi hesab olunur.

Həsən: Bu kəlmə lüğətdə yaxşı, çox gözəl, və s. mənaları ifadə edir. İstilahi mənada - İbn Həcərin tərifinə əsaslanıb belə demək olar: «Həsən hədis, isnadının əvvəlindən axırına qədər [mühafizə, yaxud yazdıqlarını qorumaq baxımından] dəqiqliyi az olan insaflı ravinin aramsız, sapdırmadan [şazz olmadan] və qüsursuz [«illə»siz] olaraq özü kimisindən xəbər verdiyi hədisdir».

Həsən li-ğeyrihi: «Həsən» kəlməsinin lüğəti və istilahi mənası artıq yuxarıda izah olunub. «Li-ğeyrihi» kəlməsinə gəlincə, bu ərəbcə «li»- ön qoşmasından, «ğeyrun»- ismindən və «hu»- bitişən əvəzliyindən əmələ gəlmiş kəlmədir. Ayrı-ayrılıqda «li»- aidiyyət, mənsubiyyət bildirir. «Ğeyrun»- kəlməsi özgə, başqa və qeyri mənalarını, «hu»- əvəzliyi isə onun, ona və onu mənalarını ifadə edir. İstilahi mənada isə - bu, bir çox yollarla [isnadlarla] rəvayət olunmuş «daif» hədisdir ki, onun zəifliyinin səbəbi ravinin yalançı və ya fasiq olmasıyla əlaqəli deyildir. Bu növ hədis dərəcə etibarilə «həsən»dən aşağı hesab olunur.

Həsən-Səhih: «Həsən» dərəcə etibarı ilə «səhih»dən aşağı hesab olunur. Elə isə fərqli mənaları olan bu iki istilahi terminləri necə cəm etmək olar? Artıq alimlər Tirmizinin bu ifadəsində olan məqsədini müxtəlif cür izah etmişlər. Bu izahların ən gözəli isə ibn Həcərin izahıdır. Bunu da Suyuti təqdirə layiq hesab etmişdir. Xülasə budur:

– Əgər hədisin iki və daha çox isnadı varsa bu ifadə: «Bu hədis bir isnadla «həsən», digər isnadla isə «səhih»dir – mənasını ifadə edir.
– Əgər hədisin yalnız bir isnadı varsa bu ifadə: «Bu hədis bir qrup alimin rəyinə görə «həsən», digərlərinə görə isə «səhih»dir!- mənasını ifadə edir.

Münqəti: Bu kəlmə ərəbcə «məqtu» felinin məchul növündən əmələ gəlmiş feli sifətdir. Bu da kəsilmiş, ayrılmış və s. Mənaları ifadə edir. İstilahi mənada isə - isnadının hər hansı bir yerində [ya əvvəlində, ya ortasında, ya da sonunda] bağlılıq olmayan sənəd «məqtu» adlanır.

Münkər: Bu kəlmə ərəbcə «ənkərə» felinin məchul növündən əmələ gəlmiş feli sifətdir. Bu da inkar olunmuş, hamı tərəfindən qəbul edilməmiş və s. mənaları ifadə edir. İstilahi mənada isə - etibarsız ravinin etibarlı raviyə müxalif olaraq rəvayət etdiyi hədis «münkər» adlanır.

Səhih: Bu kəlmə lüğətdə müxtəlif mənalarda istifadə olunur. Məsələn: Sağlam, möhkəm, qıvraq, gümrah və s. İstilahi mənada isə – səhih hədis, isnadının əvvəlindən axırına qədər dəqiq olan insaflı ravinin aramsız, sapdırmadan [şazz olmadan] və qüsursuz [müəlləlsiz] olaraq özü kimisindən xəbər verdiyi hədisdir».


Bu tərifi beş hissəyə bölüb şərh etmək olar:

a) isnadın aramsız olması: yəni isnadın əvvəlindən axırına qədər hədisin ravilərindən hər biri onu özündən əvvəlki ravidən bilavasitə götürmüş [eşitmiş] olsun;

b) ravinin insaflı olması: yəni hədisin ravilərindən hər biri müəyyən dəyərlərə malik olmalıdır. Belə ki, o müsəlman, həddi-büluğa çatmış, şüurlu olmalı, fasiq və əxlaqsız olmamalıdır;

v) ravinin dəqiq olması: yəni hədisin ravilərindən hər biri tam dəqiq olmalıdır. Belə ki, onun ya yaddaşı möhkəm olmalı, ya da yazdıqlarını qorumaqda dəqiq olmalıdır;

q) şazz olmaması: Hədis şazz olmamalıdır. Belə ki, rəvayəti «məqbul» [«səhih», yaxud «həsən»] sayılan ravinin özündən də nüfuzlu raviyə müxalif olması şazz adlanır.

d) müəlləl olmaması: Hədisdə [sənəddə və ya mətndə] «illə» olmamalıdır. «İllə» hədisin mötəbər olmasında naqislik əmələ gətirən gizlin, anlaşılmaz səbəbdir.

Səhih li-ğeyrihi: «Səhih» və «Li-ğeyrihi» kəlmələrinin ayrı-ayrılıqda lüğəti və istilahi mənası artıq yuxarıda izah olunub. İstilahi mənada isə - bu, özünün mislində və ya özündəndə qüvvətli bir başqa yolla [isnadla] rəvayət olunmuş «həsən» hədisdir. Bu növ hədis dərəcə etibarilə «səhih»dən aşağı hesab olunur.

Şazz: Bu kəlmə ərəbcə «şəzzə» felinin məlum növündən əmələ gəlmiş feli sifətdir. Bu da tək-tənha, yana çəkilmiş mənaları ifadə edir. İstilahi mənada isə - rəvayəti məqbul [«səhih», yaxud «həsən»] sayılan ravinin özündən də nüfuzlu raviyə müxalif olaraq rəvayət etdiyi hədis şazz adlanır.

Zəif: Bu kəlmə lüğətdə zəif, gücsüz, qeyriqənaətbəxş və s. Mənaları ifadə edir. İstilahi mənada isə - nəql etdiyi hədisə etimad olunmayan, etibarsız raviyə «daif»- deyilir. Hədislə bağlı terminə gəlincə, onun da özünə məxsus istilahi mənası vardır. Belə ki, hədis alimləri hədisə «daif» dedikdə, həsən hədisdən aşağı dərəcədə yerləşən, yaxud özündə həsən hədisin vəsfini cəm etməyən, hər hansı şərtlərindən biri olmayan hədisi qəsd edirlər.

Tərcüməçidən: Əlixan Musayev / 21.12.2005

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:01
GÜNƏŞ06:44
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:33
İŞA [ 4 rükət ]22:10
GECƏYARI00:47
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka