Qurani kerimde namaz qilmaq nece vaxt emr olunub?
Sual: 1. qurani kerimde namaz qilmaq nece vaxt emr olunub? 2. hansi teriqet duzdur sie yoxsa sunni yoxsa vehabi ve ya basqasi xias edirem cavab verin sagolun
Cavab:
Əs-sələmu aleykum.
1. Uca Allah müsəlmanlara gün ərzində beş vaxt namaz qılmağı əmr etmişdir. Bu barədə Qurani Kərimdə açıq–aydın ayələr olmasa da belə bəzi ayələr vardır ki, beş vaxt namazlara işarədir. Uca Allah buyurur: “(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).” (Hud surəsi 114-cü ayə). Bu ayə Sübh, Məğrib və İşa namazlarına işarədir.
Başqa bir ayədə isə uca Allah belə buyurur: “(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).” (əl-Bəqərə surəsi 238-ci ayə). Bu ayə də Əsr namazına işarədir.
Digər bir ayədə isə uca Allah belə buyurur : “Gün batmağa meyl edəndən (günortadan) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur.” (əl-İsra surəsi 78-ci ayə). Bu ayə isə namazların beşinə də işarədir. Əsasən də Zöhr və Sübh namazlarına işarədir. Çünki uca Allah bu ayədə buyurur ki, “Gün batmağa meyl edəndən” namaz qıl. Məlumdur ki, Zöhr namazının vaxtı da elə gün zenitdən meyl etdikdən sonradır.
Həmçinin Peyğəmbərin saysiz-hesabsız hədisləri vardır ki, həmin hədislərdə namazların beş vaxtda qılınması qeyd olunur. Bütün bunlar da onu göstərir ki, hər namazın öz vaxtı vardır. Ona görə də namazlarını öz vaxtlarında qılmayanları uca Allah hədələyərək belə demişdir: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər.” (əl-Məun surəsi 4, 5, 6-cı ayələr).
Namazı yalnız səfərdə 3 vaxtda qılmaq olar. Çünki Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə etmişdir.
Həmçinin biz ərəb dilində namazların adlarına nəzər salsaq görərik ki, hər namazın öz vaxtı vardır. Ərəb dilində namazın adları ardıcıl olaraq belədir: Fəcr namazı, Zöhr namazı, Əsr namazı, Məğrib namazı və İşa namazı. Namazlara bu adları Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) vermişdir. Bu adlar onların qılınma vaxtlarına dəlalət edir. İndi gəlin bunları bir-bir açıqlayaq:
1) Fəcr sübh çağı deməkdir. Bu namaz sübh vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
2) Zöhr günorta deməkdir. Bu namaz günorta vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
3) Əsr axşam çağı deməkdir. Bu namaz axşam çağı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
4) Məğrib günün batması deməkdir. Bu namaz günün batmasından sonra qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
5) İşa isə gecə deməkdir. Bu namaz gecə vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
Göründüyü kimi Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr namazlara vaxtlarına görə ad vermişdilər.
2. Xahiş edirik ki, təkrarlanan suallar verməyəsiniz. Ona görə də sual verməmişdən öncə suallara verilən cavabların hamısını oxumağınızı xahiş edirik. Biz öncə verilən sualların cavablarında da qeyd etmişik ki, heç bir müsəlman özünə sünni, şiyə, vahabi, hənəfi, şafii, cəfəri və sairə bu kimi adlar verməməlidir. Allahın düşmənləri müsəlmanları elə bu cür adlar vasitəsi ilə parçalamışlar. Bu cür adlar İslam dininə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) vəfatından sonra yəhudilər və nəsranilər tərəfindən artırılmışdır. O vaxta qədər nə sünni, nə şiyə, nə də bu kimi başqa firqələr yaranmamışdır. Həmçinin heç kəs özünü nə sünni, nə şiyə, nə də başqa adlarla adlandırmırdı. Hamı özünü Allahın adlandırdığı kimi müsəlman adlandırırdı. Hətta uca Allah da bizə başqa bir ad deyil, yalnız müsəlman adı vermişdir.
Uca Allah buyurur: “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!” (əl-Həcc surəsi 78-ci ayə).
Elə isə biz özümüzə nə üçün müsəlman adından qeyri adlar verməliyik. Həmçinin hərə özünə bir ad götürsə onda müsəlmanlar arasında parçalanmalar meydana gələr.
Müsəlmanları parçalamaq üçün onların arasına ilk dəfə şiyə sözünü salan yəhudu Abdullah İbn Səba olmuşdur. Bunu etməkdə onun məqsədi müsəlmanları parçalamaq olmuşdur.
Hər bir müsəlman haqq yolunu bilmək istəyirsə yalnız Allaha və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) SƏHİH hədislərinə tabe olmalıdır.
Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir. Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) yalnız səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq.
Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).
Sizə də məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir. Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!!
805. Rufet Mehdiyev (Sumgayit)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz