Sual-Cavab

Xahish ediram yani shiada sahv chodur?

Sual: Gardashlarim man islamda olmusham hagigati tapmadigim (yani sunna sa shia gardashlarimizin tafigasi naticasinda) uchun ibadatdan kenarlashmisham. Xahish ediram yani shiada sahv chodur? Yoxsa onlar menasiz ibadet edirler. Axi bazi sunna gardashlarimiz onlari tanqid edirlar. Deyirlar siz cehalele meshgulsunuz. Assalamu alekum va Rahmatulla! Avvalcadan minnatdaram.

Cavab:

Və aleykumus-sələm.

Sünni-şiyə sözünün kökü Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) vəfatından bir müddət sonra yaranmışdır. O vaxta qədər nə sünni, nə də şiyə firqələri yaranmamışdır. Həmçinin heç kəs özünü nə sünni, nə də şiyə adlandırmırdı. Hamı özünü Allahın adlandırdığı kimi müsəlman adlandırırdı. Həmçinin uca Allah da bizə başqa bir ad deyil, əksinə müsəlman adı vermişdir.

Uca Allah buyurur: “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!” (əl-Həcc surəsi 78-ci ayə).

Elə isə biz özümüzə nə üçün müsəlman adından qeyri adlar verməliyik. Həmçinin hərə özünə bir ad götürsə onda müsəlmanlar arasında parçalanmalar meydana gələr.

Müsəlmanları parçalamaq üçün onların arasına ilk dəfə şiyə sözünü salan yəhudu Abdullah İbn Səba olmuşdur. Bunu etməkdə onun məqsədi müsəlmanları parçalamaq olmuşdur.

Əziz qardaşım, həmçinin İslam dinində məzhəbçiliyə yol vermək də düzgün deyildir. Çünki, məzhəbçiliyə yol vermək müsəlmanları parçalayır. Bizdən əvvəlki ümmətləri də parçalayan səbəb elə bu olmuşdur. Uca Allah buyurur: “(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!” (əl-Ənam surəsi 159-cu ayə).

Uca Allah bizə hər hansı bir məzhəbə tabe olmağı əmr etməmişdir. Allah bizə yalnız Özünə (yəni Qurani Kərimdəki əmrlərinə) və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) (yəni onun hədislərinə) tabe olmağı əmr etmişdir. Elə haqq yolu da budur. Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir.

Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).

Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə). Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq.

Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).

Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!! Sizə məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir.

Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).

Möhürlə namaz qılmağa gəlincə onu qeyd edə bilərik ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) möhürsüz namaz qılmışdır. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, kim dinə yeni bir şey gətirərsə o əməl ondan qəbul olunmaz.

Odur ki, kim Allahın kitabından və Peyğəmbərimizin sünnəsindən (yəni hədislərindən) dəlil və sübut gətirirsə ona tabe olun. Allah bütün müsəlmanları doğru yola yönəltsin! Amin!!!

Və aleykumus-ələmu və rahmətullahi və bərakətuhu.

518. vusal memmedov (sizi cox sevdim sizinle elaqe yaratmaq isterem)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz